Beynəlxalq mövqelər güclənir

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı keçirdiyi görüşlər, verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Bu görüşlər ölkəmizin beynəlxalq nüfuzunun artmasının, həyata keçirilən uzaqgörən xarici siyasətin və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq modelinin növbəti təsdiqidir.

Qarşılıqlı etimada, strateji maraqlara və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanan bu münasibətlər artıq təkcə iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmır, eyni zamanda regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya əlaqələri, yaşıl enerji, geosiyasi tərəfdaşlıq və davamlı inkişaf kimi mühüm istiqamətləri də əhatə edir. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfərindən qısa müddət sonra Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri Brüsselin Azərbaycanı Cənubi Qafqaz regionunda etibarlı, sabit və uzunmüddətli strateji tərəfdaş kimi qiymətləndirdiyini bir daha nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə formalaşan yeni dinamikanın göstəricisidir. Bu təmaslar siyasi dialoqun dərinləşdiyini, qarşılıqlı etimadın möhkəmləndiyini və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini göstərir.Cənab Prezident: “Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik.”

Birgə mətbuat konfransında Prezident İlham Əliyev münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirərək, “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox fəal mərhələyə qədəm qoyub. Münasibətlərimizdə müşahidə olunan bu dinamizm misilsizdir və qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək iradəsini nümayiş etdirir”, söylədi.

Bu fikir onu göstərir ki, son illərdə Azərbaycan–Aİ münasibətləri klassik tərəfdaşlıq çərçivəsindən çıxaraq strateji əməkdaşlıq xarakteri qazanıb. Səfər zamanı Ursula fon der Lyayen Azərbaycanın Avropa üçün strateji tərəfdaş olduğunu bir daha vurğuladı. O qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanla etibarlı və uzunmüddətli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bu yanaşmanın əsasında ilk növbədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfə dayanır. Son illərdə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının artırılması Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirib. Artıq əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Yaşıl enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kibertəhlükəsizlik, nəqliyyat-logistika, investisiyalar və yüksək texnologiyalar yeni əməkdaşlıq gündəliyinin əsas istiqamətlərinə çevrilir.

Azərbaycanın Xəzər dənizində böyük külək enerjisi potensialı, günəş elektrik stansiyalarının tikintisi və “Yaşıl Enerji Dəhlizi” layihəsi Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi strategiyası ilə tam uzlaşır. Bu istiqamətdə yeni investisiyalar və texnologiyaların cəlb olunması tərəflər arasında uzunmüddətli iqtisadi əməkdaşlığın əsas sütunlarından biri hesab edilir.

Hazırda Azərbaycan beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçısı, eyni zamanda regionda sülhün və sabitliyin təşəbbüskarı kimi mövqeyini gündən-günə daha da möhkəmləndirir. Dünyanın  güc mərkəzləri ilə tərəfdaşlıq - Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlığı, Çin ilə hərtərəfli tərəfdaşlıq münasibətləri, Avropa İttifaqı ilə isə strateji xarakter daşıyan əlaqələri Azərbaycan Prezidentinin xarici siyasətinin çox uğurlu nəticəsidir. Bu siyasət bundan sonra da Azərbaycanı inkişaf etdirəcək və ölkəmizə böyük nailiyyətlər qazandıracaq.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri