Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi "Gənclərin sağlamlığına qayğı: GMO ərzaqları və qida təhlükəsizliyi” layihəsi çərçivəsində növbəti yekuntədbirini keçirib. Tədbiri açan İctimai Birliyin sədri Əlövsət Allahverdiyev GMO ərzaqlarının ölkəmizə gətirilməsi və satışı ilə bağlı mövcud vəziyyət barədə danışıb. O, qeyd etdi ki, ərzaq qıtlığını aradan qaldırmaq məqsədilə geni dəyişdirilmiş məhsullar bazarlara ilk dəfə 1990-cı illərin əvvəllərində çıxarılıb. Sonrakı illərdə dünya bazarlarında GMO məhsullarının çəkisi sürətlə artıb. "Bütün bunlar isə mütəxəssislərin qeyd etdiyi kimi, insanların sağlamlığını təhdid edir” – Ə.Allahverdiyev deyib. Ə.Allahverdiyev GMO məhsullarının ölkəyə gətirilməsi, becərilməsi və satışı ilə bağlı Respublikamızda mövcud olan qanunvericilik sistemindən də ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Mütəllim Rəhimov GMO məhsullarının istehsal səbəbləri və insan orqanizminə təsirləri və gələcəkdə yarada biləcəyi fəsadlar barədə geniş məlumat verib. O deyib ki, GMO məhsullarının qəbulu zamanı oradakı maddələr illərlə orqanizmdə yığılaraq müxtəlif xəstəliklərə səbəb olur. Burada əsas zərər çəkənlər isə uşaq və gənclərdir, çünki onların immun sistemi bu zərərli maddələrə qarşı mübarizə aparmaq qabiliyyətində deyil. M.Rəhimov deyib ki, gündəlik istifadə olunan ərzaq, kosmetik vasitələr və qeyri orqanik tərəvəzlərin tərkibində yer alan kimyəvi komponentlər gənc anaların organizmində toplanaraq gələcək nəsillərə ötürülür. Son zamanlar uşaqlarda geniş yayılmış allergik xəstəliklərin səbəblərindən biri də əsasən yuxarıda qeyd olunan amillərdir. Sintetik kimyəvi maddələrdən istehsal olunmuş kosmetik və gigiyenik vasitələrin də insan orqanizminə çox neqativ təsiri var. Sintetik yuyucu vasitələr dəridən çirki təmizləsə də dərinin müdafiəçisi olan üst qatını zədələyir və beləliklə, dəri ətraf mühitin mənfi təsiri qarşısında aciz qalır.
Mütəllim Rəhimov deyib ki, "çox təəssüf ki, ölkəmizdə GMO məhsullarının zərərləri barədə kifayət qədər məlumatlar yoxdur. Xüsusilə, gənclərin bununla bağlı məlumatsız olduqları müşahidə olunmaqdadır. Ona görə də əksəriyyət xarici görünüşcə gözəl görünən GMO ərzaqlarına üstünlük verir, nəinki ölkəmizin öz istehsalı olan orqanik məhsulları alır. Bütün bu nöqsanların aradan qaldırılması üçün gənclər arasında geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.” M.Rəhimov dünyada GMO ərzaqlarının istehsalı, satışı və insan orqanizminə zərərləri barədə də ətraflı məlumat verib.