TƏKADAMLIQ AYRILIQ
Bu gecənin üzü soyuq,
Əyni yalın ulduzların.
Allah, halı nə olacaq
Bu gecədə yalqızların?!
Bu gecənin həniri yox,
Buz sallanır budaqlardan.
Təkadamlıq ayrılıq var
Dörd divarlıq otaqlarda...
Biz səvab bilən sevginin,
Bir ucu günha çıxır.
Darıxanda ölmür adam.
Dirilib sabaha çıxır
29.11.2016.
RƏSSAM...
Ürəyimin başı malbertə sığnmış kətan...
Toxundur fırçanın ucunu...
Nə çəksən adını sevgi qoy
Dəli sevgilərin
yarımçıq bitməsin ömrü.
bir az rənglərə arzu qarışdır
Günəş rəngi də yaddan çıxmasın
Ürəyim dənizdə qağayı misal
Bu saat yellənir ləpələr üstə
Vüsaldan oxuyur çat dodaqlarım
De götür fırçanı rəssam adam
Qoy bağrı çatlasın ayrılıqların...!
19.12.2016.
UZAQLARA...
Bu gecədən ulduz axar
Axar tənha, yalqız axar.
Xəyalımdan bir qız axar
Vətəndən eyyy uzaqlara...
Düzəlib səfə dönmürsən
Düşmüsən kefə, dönmürsən.
Xəyalım evə dönmür, sən-
Gedəndən eyyy uzaqlara..
Sınar ümid, kəsilər qol,
Ürəyindən muğayət ol.
Yollar bitmir, gözlərim yol-
Çəkəndən eyyy uzaqlara...
18.01.2016.
BU HAVADA
Adamın bir yeri ola
Çıxıb gedə bu havada.
Gözlərini qar üstünə
Sıxıb gedə bu havada.
Qoyma dönə dərd qoşuna
Yaş çatar ömrün qaşına,
Adam nə var yaddaşına
Yığıb gedə bu havada.
Dağda bir dəyə boş ola,
Ruhun içindən baş ala.
Adam bir çaya qoşula,
Axıb gedə bu havada.
Boz səhrayam, dəvə bozlar,
Seçmir gözüm, boğur tozlar.
Suya dönə lülə buzlar
Yağıb gedə bu havada.
14.01.2016.
ADAM...
Səni səsindən asdılar Gölgəsindən qorxan adam. Üçün yeddinə qarışdı Çıxmadı ki, qırxın adam.
Ahın aldın bir bədbəxtin Üzünə gülmədi bəxtin, Devrildimi tacı-təxtin Çevrildimi çarxın adam.
Sevdin, bəşəri olmadı, Bir xeyri-şəri olmadı. Sənə düşəri olmadı Bu bazarda nırxın adam.
QARAGÖZLÜM
Başlayar yaz yağışları,
İslanarsan, qaragözlüm.
Bir yağışnan sığallanıb—
Süslənərsən, qaragözlüm.
Həsrətiyik gör nələrin,
Yaz yağışlı gecələrin.
Ölərəm olmaz xəbərin
Yaslanarsan, qaragözlüm.
Bəhsə girib dərd ölümnən,
Zara gəlib dərd əlimnən.
Uzaqlaşma, dərd ələmnən—
Bəslənərsən, qaragözlüm.
Tuşmu gəldik qarğışlara,
Bəd nəzərli baxışlara.
Məni yazda yağışlara
Qısqanarsan, qara gözlüm.
09.02.2013.
İÇİMDƏ HƏRLƏNƏN ADAM
İçimdə hərlənən adam
Çölü daşlama, daşlama.
Yoluna sərdim ümidi
Əzib xışlama, xışlama.
Tabımı çəkmə sınağa,
Sınaqlardan üzü ağam.
Gözündən qoyma uzağa
Məni boşlama,boşlama.
Tüstüsü var seyrək ahın
Çuxasını sıyraq ahın.
Könlüm güllü seyənganhın
Dağda qışlama, qışlama.
Oxşarıq qoşa qanada,
Gəl də yetək bir murada.
Tutdurub durma inada
Yenə başlama, başlama.
BİLİRƏM NƏDİR DARIXMAQ...
Deyirsən təkəm otaqda
Götür mənə bir şeir yaz.
Bax qulaq asma ağlına
Gör ürəyin nə deyir yaz.
Yaz ki, baxıb pəncərədən
Yolları yığdım gözümə.
Elə darıxmaq çilənib
Hər gecəmə, gündüzümə.
Sıyrılıb əldən havaya
Göylərə uçan, gələrsən.
O günü getdiyin yolu
Qayıdıb haçan gələrsən?!
Çağır da alım əlimə
Yolu quca-quca gəlim.
Ayağım yerdən üzülsün
Göylə uça-uça gəlim.
Gözlərim səni axtarır
Ay gözü mənsiz yol çəkən.
Bilirəm nədir darıxmaq
Bayaqdan otaqda təkəm.
30.07.2014.
BƏLKƏ ŞEİR YAZIM BARIT QOXULU
Bəlkə sevgi şeiri yazmayım sənə,
Bəlkə danışmayaq hisslərimizdən.
Elə araçımız baxışlar olsun
Anlaşaq eləcə səslərimizlə.
Bəlkə şeir yazım barıt qoxulu
Bəzəkli-düzəkli, güllə şəkilli.
Hələ burnuna da qan iyi gəlsin
Cəsəddən ayrılmış kəllə şəkilli...
Yazımmı cəbhədə şəhidimiz var
Sabah da mən ollam "Vətən sağ olsun!"
Məni buraxmır ki, sənli duyğular
İçimi sən adlı çəkən sağ olsun!
Yazımmı can verən əsgər yoldaşım
Köksündən çıxardı bir qız şəklini.
Bilsən neçə dəfə qucaqlamışam
Məni hifz eyliyən kağız şəklini...
...Alarsan üçbucaq əsgər məktubu,
Bir şeir gələcək içində zəfər.
Məktubu göndərən sənin sevdiyin
Məktubun gəldiyi ünvan:-Kəlbəcər.
03.08.2014.
Boz ayın bozarmış havasından qaçıb qaldığım yataqxana dəhlizinə doluşmuş sərçələrə
Bu köçkün evinin buz dəhlizində,
Yemmi axtarırsız a boz sərçələr.
Nədən danışırsız öz dilinizdə
Mənə də anladın bir az, sərçələr.
Hər dili bilirsiz qu quşu kimi,
Anladın anlayım dərdimin dilin.
Cik-ciklə ötürsüz su quşu kimi
Çəkdiyim beşdimi, birdimi bilim.
Tez uçun, tez uçun başımın üstən
Ulduzu sayrışmaz gecə kimiyəm.
Evim yuvanızdan deyil ki, isti,
Görmürsüz üşümüş sərçə kimiyəm.
Qaçmayın, bir ovuc dən atacağam
Doğma yuvanızda aparıb yeyin.
Deyəsən bu yaz da yas tutacağam
Getsəniz yuvama salamlar deyin.
28.02.2014.
İÇİMDƏ BİR QƏBİR ÖLÜR
Ölümdən qabaq adamda,
Ümid sınır, səbir ölür.
Ağaclar tək tək qırılır,
Adamlar da bir bir ölür.
Sən bildiyin o nə sirrdir
O "sirr" var ha! bir sətirdir.
Məni öldürüb bitirdi
Özü məndə bitir, ölür!
Varmı qohum, yadın olan,
Sən nəsənmiş qadın olan
Başdaşında adın olan
İçimdə bir qəbir ölür.
12.12.2014.