Dövlət və dövlətçiliyin qarantı-Azərbaycan Ordusu

Ordu dövlətin bərqərar olması, dövlətçiliyin qorunmasında önəmli vasitədir. Bu üzdən hər bir dövlət ordu quruculuğuna xüsusi əhəmiyyət verir. Ordu gücün göstərisidir. Nizami ordusu olmayan, müasir silahlara sahiblənə bilməyən dövlətlərin varlığı yeni geosiyasi düzəndə ciddi sual altındadır. 

Azərbaycanda ordu quruculuğu sahəsində atılan addımlar Qələbə əzmli ordunun formalaşması ilə nəticələndi. Bir müddət öncə torpaqlarımızın 20 faizi düşmən tapdağı altında olanda orduda aparılan islahatlar sonda öz sözünü dedi. Cəmi 44 gün ərində düşməni doğma torpaqlarımızdan qovan şanlı Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə açdı. Bu uzun illərin əziyyəti, həyata keçirilən siyasətin bəhrəsi idi. 

Tarixi keçmiş onu deməyə əsas verir ki, milli ordu quruculuğunun təməli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildən peşəkar zabitlərin hazırlanması istiqamətində ciddi addım atıldı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılması sonrakı illərdə minlərlə peşəkar zabitin yetişməsinə, milli hərbi kadr potensialının formalaşmasına mühüm töhfə verdi. Ümummilli Liderin həyata keçirdiyi siyasət nəticəsində azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərində təhsil alması üçün geniş imkanlar yaradıldı. Bu amil gələcəkdə müstəqil dövlətin Silahlı Qüvvələrinin əsas kadr bazasının formalaşmasında mühüm rol oynadı.

90-cı illərdə bütün sahələrdə olduğu kimi Ordu quruculuğunda da ciddi islahatlara ehtiyac var idi. O zamankı hakimiyyətin iqtisadi və siyasi səriştəsizliyi Ordu quruculuğuna bir başa təsir etmişdi. Nəticədə həm silah həm maddi texniki bazanın məhv olması torpaqlarımız işğalı ilə nəticələndi. Məhz həmin illərdə Ermənistanla atəşkəsin əldə olması Azərbaycan üçün vacib şərtlərdən idi. Bu dövr ərzində Ordu quruculuğunda aparılan məqsədyönlü siyasət nəticəsində ordu quruculuğunda yeni dövr başladı. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması, döyüş ruhunun yüksəldilməsi və hərbi təhsil sisteminin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Ümummilli lider Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun Silahlı Qüvvələr Günü elan edildi. Bununla da həmin tarix rəsmi dövlət bayramı statusu aldı və hər il böyük qürur hissi ilə qeyd olunmağa başladı. Sonrakı illərdə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə isə hərbi təhsil müəssisələrinin yenidən təşkili milli hərbi təhsil sisteminin inkişafında yeni mərhələ yaratdı. Bu addımlar peşəkar zabit korpusunun formalaşdırılmasına və Silahlı Qüvvələrin kadr potensialının gücləndirilməsinə xidmət edirdi.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə sahəsinə ayrılan vəsaitin davamlı şəkildə artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması, hərbi hissələrin infrastrukturunun yenilənməsi və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. 

Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edib: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Sonda nu qeyd edək ki, bu gün Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malik, müasir texnologiyalarla təchiz olunmuş, peşəkar və vətənpərvər hərbçilərdən ibarət qüdrətli bir gücdür. 

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı