15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən keçirilən silsilə tədbirlər davam edir.
Sabahinfo.az xəbər verir ki, növbəti tədbir YAP Ağdaş rayon təşkilatı Qaradağlı kənd ərazi partiya təşkilatında “Əbədi müstəqilliyin təməli: Milli Qurtuluş Günü” mövzusunda təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Qaradağlı kənd ərazi partiya təşkilatının sədri Amil Musayev qarşıdan gələn əlamətdar gün münasibətilə partiya fəallarını təbrik edib. O bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin yox olmaq təhlükəsindən xilas edildiyi, ölkədə daxili sabitliyin bərqərar olunduğu və əbədi müstəqilliyin möhkəm təməlinin qoyulduğu tarixi dönüş nöqtəsidir.
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov çıxışında qeyd edib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizi bürüyən xaos, anarxiya və vətəndaş müharibəsi təhlükəsini qətiyyətlə dəf etdi. Bununla da gələcək tərəqqimizin sarsılmaz bünövrəsi qoyuldu. Bu gün böyük qürurla qeyd etdiyimiz tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası məhz həmin qurtuluş fəlsəfəsinin və güclü dövlətçilik xəttinin məntiqi nəticəsidir. A.Şahmuradov Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə, eləcə də “Böyük Qayıdış” proqramının uğurlu icrasına diqqət çəkərək, bütün bu nailiyyətlərin əsasında qurtuluşla başlayan tarixi missiyanın dayandığını vurğulayıb.
Partiya fəalları Rəsmiyə Umarova və İntiqam İdrisov çıxışlarında qeyd ediblər ki, 15 iyun tarixi hər bir vətəndaşa müstəqilliyimizi göz bəbəyi kimi qorumağı və onu gələcək nəsillərə daha qüdrətli şəkildə ötürməyi aşılayan ən böyük mənəvi mirasdır. Milli Qurtuluş Günü təkcə keçmişimizin xilası deyil, həm də gələcəyimizin parlaq rəmzi kimi hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.