Stres zamanı ifraz olunan hormonlar və beyində siqnal əlaqəsi yaradan bütün maddələr immun sisteminə təsir edir.İmmun sistemi stres vəziyyətindən xəbərdar olur. Ona görə normal vəziyyətdə öhdəsindən gəlməyəcəyimiz bir hadisə ilə stresli ikən qarşılaşdıqda daha dözümlü oluruq. İnsan özü belə, bu vəziyyətə təəccüblənə bilər. Təəssüf ki, bu vəziyyət davam etdikdə, yəni stres faktoru uzunmüddətli olduqda immun sistemi zəifləyir. Həmin vaxt hər hansı bir xəstəliyi keçirtmək üçün əlverişli şərait yaranır. Xüsusilə də, bakteriya və virus mənşəli.
Bu vəziyyətə bir də belə baxaq:Stresin başlanğıcında ifraz olunan kortizol orqanizmdə bir çox prosesləri ləngidir, sanki yanğın varmış kimi orqanizmi mübarizəyə kökləyir. Oyanmış immun sistemi öz qoruma funksiyalı limfositlərini oyadır və yeni bir virusla qarşılaşdıqda bu hüceyrələri necə səfərbər edirsə, məhz o formada hazır vəziyyətə gətirir. Bu proses uzun müddət davam edərsə, çox çalışan, amma çox gərgin və lazım olduqda bizi qoruya bilməyən bir immun sistemimiz ola bilər.
Digər yanaşma-Bizim immun sistemimiz bağırsaqlarımız ilə six əlaqəlidir. Bunu vurğulamasam olmaz. Həzm sistemimizin düzgün işləməsi bütün sistemlərin düzgün çalışmasına şərait yaradır. Həzm sistemi, bağırsaqlar normal çalışmasa, pasiyent uzun sürən qəbizlikdən və ya ishaldan şikayət edirsə, deməli, immun sistemi normal çalışmır. Kortizolun daim yüksək olması, yəni stresin xroniki hal alması digər sistemlər kimi, həzm sisteminin də fəaliyyətini pozur. Serotonin bizim üçün önəmli hormondur. Bu hormonun işi təkcə bizə sevinc duyğusu bəxş eləmək deyil, həmçinin immun sisteminin düzgün işləməsini təmin etməkdir. Serotoninin əmələ gəlməsi üçün yediyimiz proteinin düzgün şəkildə həzm olunması, kiçik amin turşulara parçalanması və bağırsaqlardan sorulması lazımdır. Serotoninin mənbəyi triptofan amin turşusudur. Kortizol yüksək olduqda həzm sistemi düzgün işləmir. Bu isə serotoninin ifrazını ləngidir.İndi siz düşünün: daim həyəcan, stres vəziyyətində olan bir insanın immun sistemi, həzm sistemi, düşünmə qabiliyyəti hansı vəziyyətdə olar?!
Bunu da xatırladım ki, beyində triptofanın serotoninə çevrilməsi üçün D vitamini çox önəmlidir.Orqanizm hər şeyin tarazlıq halında olmasını istəyir. Həyəcan bizim üçün önəmlidir, amma qədərində. Suyun da artığı cana zərərdir.
Həkim
Nazlı Çələbi
Yazı "Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kənd təsərrüfatı sahəsində çalışanlara koronavirusla mübarizə ilə bağlı maarifləndirici məlumatların çatdırılması" layihəsi çərçivəsində çap olunur