Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji
sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar
aparılan reydləri davam etdirir.
Xəbər verdiyimiz kimi,
2016-cı ilin 27-29 noyabr tarixlərində qida təhlükəsizliyi ilə əlaqədar alınmış
məlumatlar əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini
təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Yevlax, Bərdə,
Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu,
saxlanması və satışı məntəqələrində reydlər keçirilmişdir.
Noyabrın 27-də Yevlax
rayonunda keçirilmiş reyd zamanı Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa
oğluna məxsus evin həyətinə baxış keçirilərkən qanunsuz, antisanitar şəraitdə fəaliyyət
göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və
12 kvadrat metr sahəsi olan soyuducu kamera aşkar edilmişdir.
Evin həyətində olan Nizami
Kərimova məxsus 06 "Jiquli” markalı 10-KF-181 dövlət qeydiyyat nişanlı minik
avtomobilinin yük yerinə baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç
bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı
şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, antisanitar şəraitdə
avtomobilin yük yerinə yığılmış, üfunətli iy verən, çəkisi 170 kq olan hissələrə
bölünmüş (3 ədəd bud və 3 ədəd qol qabırğalarla birlikdə) heyvan cəmdəyi, eləcə
də həyətdə olan soyuducu kamerada 8 ədəd heyvan dərisi aşkar olunmuşdur.
Aşkar olunan hissələrə
bölünmüş heyvan cəmdəklərinin qida üçün yararlığı şübhə doğurduğundan onlardan
baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika
Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Respublika Baytarlıq
Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən
ət nümunələrində salmonella typhi murium; (BÇQB), bağırsaq çöpləri qrupu
bakteriyalar aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən
götürülən ət nümunələrinin keyfiyyətsiz olması, heyvanın aqoniya və ya öldükdən
sonra kəsilməsi, nümunələrin 2-nin at, 4-nün isə iribuynuzlu heyvan əti və
baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilmişdir.
Respublika Baytarlıq
Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Yevlax
rayonun Aşağı Bucaq kənd sakini Kərimov Nizami Paşa oğluna məxsus evin həyətində
aşkarlanan bakterioloji çirklənməyə məruz qalmış, insan sağlamlığı üçün təhlükəli
olan, aqoniya və ya öldükdən sonra kəsilmiş at və iribuynuzlu heyvan cəmdəklərinin
və dərilərinin zərərsizləşdirilməsinə qərar verilmişdir.
Həmçinin noyabrın 27-də
Yevlax rayonunun Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus
evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə
quraşdırılmış heyvan kəsim meydançası (sallaqxana) və 4 kvadrat metr sahəsi
olan soyuducu kamera aşkar olunmuşdur.
Soyuducu kamerada ümumi çəkisi
181 kq olan hissələrə bölünmüş heyvan cəmdəkləri (5 ədəd heyvanın bud əti və 5 ədəd
heyvanın qol əti qabırğa ilə birlikdə), 1 ədəd heyvanın daxili orqanı (içalat),
2 ədəd iribuynuzlu heyvan başı və 8 ədəd heyvanın ayağı müəyyən edilmişdir. Eləcə
də həyətdə olan 05 ”Jiquli” markalı 10-RH-638 dövlət qeydiyyat nişanlı furqonlu
avtomobildə 5 ədəd iribuynuzlu heyvan dərisi aşkar edilmişdir.
Aşkar olunmuş heyvan cəmdəklərinin
mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığına,
orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğuna görə ətlərdən
və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək
müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.
Respublika Baytarlıq
Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən
ət nümunələrində və daxili orqanda bakterioloji çirklənmə (BÇQB, stafilakokkos
aureus) aşkar edilmişdir. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə götürülən
ət nümunələrinin və daxili orqanın iribuynuzlu heyvanın aqoniya və ya öldükdən
sonra kəsilməsi, baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən
edilmişdir.
sabahinfo.az-a verilən məlumaa görə Respublika Baytarlıq
Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Yevlax
rayonun Aşağı Bucaq kənd sakini Rəsulov Telman Ağəli oğluna məxsus evin həyətində
aşkarlanan heyvan cəmdəkləri, baş, ayaq, daxili orqanlar və heyvan dərilərinin zərərsizləşdirilməsinə qərar verilmişdir.
Noyabrın 27-də davam
etdirilən reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi
Məmmədov Əli Xanış oğlunun həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət
göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim meydançası aşkar
olunmuşdur. Həyətdəki sallaqxananın yanında olan təkərli arabada təzə kəsilmiş
6 ədəd at dərisi, 4 ədəd atın arxa və qabaq ayaqları, 4 ədəd sümükdən ayrılmış
at skeletləri, mötəviyyatla dolu 6 ədəd atın qarın və bağırsaqları, eləcə də
ağacdan asılmış 1 baş kəsilən atın tam formalaşmamış balası (dölü) və kəsilmiş
atların qalıq tullantıları aşkar edilmişdir.
Təzə kəsilmiş atların
arabada aşkar olunan məhsullarından (dəri, ayaq, skelet, qarın, bağırsaqlar və
tam formalaşmamış döldən) nümunələr götürülərək müayinə üçün Respublika
Baytarlıq Laboratoriyasına göndərilmiş, yerdə qalan atların qalıq tullantıları
maddi sübut kimi müvəqqəti saxlamaq üçün Bərdə zona Baytarlıq Laboratoriyasına
təhvil verilmişdir.
Respublika Baytarlıq
Laboratoriyasında aparılan bakterioloji müayinələr zamanı hər bir nümunədə
bakterioloji çirklənmə (çürümə bakteriyaları, stafilakokkos aureus, göbələklər)
aşkar edilmişdir. Biokimyəvi müayinələrinin nəticəsində götürülən hər bir nümunənin
keyfiyyətsiz olması, atların aqoniya və ya öldükdən sonra kəsilməsi məlum
olmuşdur.
Respublika Baytarlıq
Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Bərdə şəhəri,
Səməd Vurğun küçəsi 15 nömrəli evin sahibi Məmmədov Əli Xanış oğlunun həyətində
aşkarlanan təzə kəsilmiş at dəriləri, atın arxa və qabaq ayaqları, sümükdən
ayrılmış skeletlər, mötəviyyatla dolu qarın və bağırsaqlar, eləcə də atın tam
formalaşmamış balası (dölü) və qalıq tullantılarının zərərsizləşdirilməsinə qərar
verilmişdir.
Aqoniya və ya öldükdən
sonra kəsilmiş at ətlərinin kimə, haraya satılmasını müəyyən etmək mümkün
olmamışdır. Yevlax və Bərdə rayonlarında insan sağlamlığı üçün təhlükə törədən,
ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş heyvan ətlərinin tədarükü və satışı
ilə məşğul olanlar barəsində inzibati tədbirlərin görülməsi və əməllərinə
hüquqi qiymət verilməsi məqsədi ilə toplanmış materialların hüquq-mühafizə
orqanlarına göndərilməsi nəzərdə tutulmuşdur.
Noyabrın 28-i və 29-da Ağcabədi
rayonunun Xocavənd kəndi ərazisində yerləşən Abbasov Azər Abbasqulu oğlunun rəhbərlik
etdiyi ət kombinatından, həmin kombinatın "Azərət-süd İcarə Topdansatış
Birliyi”nin soyuducu anbarlarında saxlanılan heyvan ətlərindən, eləcə də "Gəncliyə yardım fondu"na məxsus ətlərdən müayinə
üçün nümunələr götürülmüşdür. Onu da
qeyd edək ki, bu obyektlərdən təkrar müayinə üçün nümunələr götürülərək
Respublika Baytarlıq Laboratoriyasına göndərilmiş və həmçinin araşdırmalar
aparılır. Aparılan araşdırmaların və götürülən nümunələrin laboratoriya müayinələrinin
nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərarlar qəbul
edilərək tədbirlər görüləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida
təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək,
qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət
etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.

