İnkişaf, tərəqqi, sülh və təhlükəsizlik bəyannaməsi

Şuşa Bəyannaməsi Azərbaycan, Türkiyə və bütövlükdə region, eləcə də Türk dünyası üçün olduqca əhəmiyyətli sənəddir. İnkişaf, tərəqqi, sülh və təhlükəsizlik prinsiplərinə əsaslanan bu sənəd Türk dünyasında birliyin və həmrəyliyin möhkəmlənməsinə, regionda sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verən tarixi yol xəritəsidir. Bu unikal saziş Azərbaycan-Türkiyə müttəfiqliyini daha da gücləndirərək bölgədə əməkdaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaradır. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Xalqımız üçün əlamətdar tarix olan Milli Qurtuluş Gününə təsadüf edən bu mühüm hadisə iki qardaş dövlət arasında mövcud olan strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsdiq etdi. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

 

Deputat söyləyib ki, əvvəlcə onu qeyd edək ki, Şuşa Bəyannaməsi ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrini əhatə edir. Sənəddə siyasi əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin davam etdirilməsi, iqtisadi və ticarət münasibətlərinin inkişafı, enerji və nəqliyyat layihələri üzrə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də müdafiə və təhlükəsizlik sahəsində birgə fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. Bundan başqa

Bəyannamə regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına təkan verən mühüm siyasi sənəddir. Onun yaratdığı hüquqi və siyasi baza regional sabitliyin möhkəmlənməsinə, inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edir. Eyni zamanda, sənəd iqtisadi inkişaf üçün də yeni imkanlar açaraq investisiya cəlbediciliyini artırır və Qarabağ bölgəsinin bərpası və inkişafı prosesinə əlavə dinamika qazandırır.

Şuşa Bəyannaməsinin əhəmiyyəti iki ölkə arasındakı münasibətlərlə yadda qalmır. Bu sənəd Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinə, regional proseslərdə rolunun artmasına və milli maraqlarının müdafiəsi istiqamətində əlavə siyasi imkanlar qazanmasına mühüm töhfədir. Bu baxımdan Şuşa Bəyannaməsi bu günün və gələcəyin strateji inkişaf istiqamətlərini müəyyən edən tarixi sənəddir. Uzun illər işğal həyatı yaşayan və azadlığına qovuşmasını bütün dünyanın heyrətlə izlədiyi Türk dünyasının mədəniyyət paytaxtı Şuşada qardaşlıq sənədinin imzalanması xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyırdı. Çünki Şuşa qəhrəmanlıq, qürur və zəfər şəhəridir. Şuşada məlum Bəyannamənin imzalanması isə Azərbaycan–Türkiyə qardaşlığının gücünün, Türk dünyasının birlik, həmrəylik və ortaq gələcək iradəsinin ifadəsi oldu.

 

Deputat yekunda qeyd edib ki, müasir dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, qarşılıqlı etimada və qardaşlığa söykənən dövlətlərə nadir hallarda rast gəlinir. Bir ailənin övladları kimi ən ağrılı, çətin və mürəkkəb məqamlarda Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət” fəlsəfəsinə sadiq qalan hər iki ölkə daim ortaq mövqe sərgiləyib, bir-birinə dəstək verib və qardaşlıq həmrəyliyi nümayiş etdirib. Böyük Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı doğmalığın, birliyin, qüdrətin və sarsılmaz qardaşlığın siyasi-hüquqi təsdiqi oldu. İki qardaş dövlətin münasibətlərini müttəfiqlik zirvəsinə yüksəldən bu tarixi sənəd təhdidlər və münaqişələrlə dolu müasir dünyaya həmrəyliyin, qarşılıqlı etimadın və birgə iradənin mesajını verdi.