“Səhhət” İctimai Fondu tərəfindən əhalinin sağlam və təhlükəsiz içməli su ilə təmin olunması istiqamətində mühüm layihələrdən biri həyata keçirilib. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Oğuz rayonunun üç kəndində su xəttinin çəkilməsi təmin olunub.
Layihənin əsas məqsədi kənd sakinlərinin içməli suya çıxış imkanlarının yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və sağlamlıq üçün vacib olan su təminatının daha əlçatan olmasıdır. Layihənin həyata keçirilməsinə 50 000 ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərilib.
Su təminatının yaxşılaşdırılması kənd əhalisinin gündəlik həyatında mühüm əhəmiyyət daşımaqla yanaşı, sanitar-gigiyenik şəraitin qorunmasına və sağlamlığın mühafizəsinə də müsbət təsir göstərir.
Layihənin reallaşdırılmasında göstərdiyi maliyyə dəstəyinə görə Yaponiya səfirliyinə təşəkkürünü bildirən “Səhhət Sağlamlığa Dəstək” İctimai Birliyi bu cür sosial və səhiyyə yönümlü layihələrin əhali üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayır.
Oğuz rayonunun üç kəndinin sakinləri isə su xəttinin çəkilməsini yüksək qiymətləndirərək layihənin həyata keçirilməsinə görə öz təşəkkürlərini bildiriblər.
“Səhhət” İctimai Fondu əhalinin sağlamlığının qorunmasına, yaşayış şəraitinin yaxşılaşdırılmasına və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirir.