Son günlər sosial şəbəkələrdə Azərbaycan Demokrat Partiyasının sədri, daha çox böhtançı imici ilə xatırlanan Sərdar Cəlaloğlunun Milli Məclisin sədri Sahibə Qafarovanın keçmiş fəaliyyəti barədə səsləndirdiyi iddialar siyasi və hüquqi müstəvidə ciddi təəssüf və sözün əsl mənasında ikrah doğurur. Sərdar Cəlaloğlunun heç bir fakta əsaslanmayan, bəsit mülahizələr üzərində qurduğu bu çıxış sağlam siyasi tənqid hüdudlarını aşaraq dövlət institutlarının nüfuzunu hədəf alan məsuliyyətsiz bir addımdır. Bu baxımdan məsələyə həm siyasi-institusional, həm də hüquqi prizmadan yanaşaraq prinsipial qiymət verilməsi zəruridir.
Hüquqi müstəvidə yanaşdıqda, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi hər bir vətəndaşın şərəf və ləyaqətinin toxunulmazlığını birmənalı olaraq təmin edir. Hüquq elmində və qanunvericilikdə tənqid hüququ ilə şəxsiyyəti qaralamaq, böhtan atmaq arasında kəskin sərhədlər mövcuddur. Sərdar Cəlaloğlunun heç bir hüquqi sübut və ya mötəbər fakt təqdim etmədən, dövlətin ali vəzifəli şəxslərindən birini xarici dövlətin maraqlarına xidmət etməkdə ittiham etməsi hüquqi dildə açıq-aşkar böhtandır. Söz azadlığı və siyasi fəaliyyət heç bir subyektə qanunları tapdalamaq, subyektiv qənaətləri mütləq həqiqət kimi sırımaq və cinayət xarakterli ittihamlar səsləndirmək hüququ vermir. Bu növ əsassız iddialar qanunun aliliyi prinsipinə zidd olmaqla yanaşı, birbaşa hüquqi məsuliyyət doğurur.
Siyasi-institusional nöqteyi-nəzərdən isə Milli Məclis dövlətin qanunverici hakimiyyətini həyata keçirən ali konstitusion orqandır. Onun rəhbərinə qarşı yönəlmiş hər bir əsassız hücum fərdi xarakter daşımır, bütövlükdə parlament institutunun və dövlətin siyasi sisteminin nüfuzunu zədələməyə yönəlmiş qəsddir. Siyasi partiya rəhbərinin dövlət institutlarını primitiv "TikTok" ritorikası və şayiələr üzərindən hədəf alması onun dövlətçilik təfəkkürünün və siyasi yetkinliyinin səviyyəsini nümayiş etdirir. Sağlam siyasi mübarizə şantaj və şayiə deyil, ideyalar, konseptual proqramlar və platformalar üzərində qurulmalıdır.
Sərdar Cəlaloğlunun Sahibə Qafarovanın vaxtilə Bakı Slavyan Universitetində beynəlxalq əlaqələr üzrə prorektor fəaliyyəti göstərməsini əsas gətirərək onun loyallığını sorğulaması həm elmi, həm də siyasi baxımdan absurddur. Ali təhsil müəssisələrinin beynəlxalq profili və ya slavyanşünaslıq istiqaməti üzrə elmi-inzibati fəaliyyət göstərmək xarici maraqlara xidmət etmək demək deyil. Əgər bu bəsit və qərəzli məntiqlə yanaşılarsa, Sahibə Qafarovanın ABŞ Dövlət Departamentinin "Fulbright" proqramı çərçivəsində Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda apardığı araşdırmaları, Prinston və Tennessi kimi nüfuzlu ABŞ universitetlərində oxuduğu mühazirələri hansı tərəfə yazmalıyıq? Faktları birtərəfli şəkildə kəsib-doğrayaraq ictimaiyyəti çaşdırmağa çalışmaq yalnız subyektiv qərəzin və siyasi cırtdanlığın göstəricisidir.
Sərdar Cəlaloğlunun bu çıxışı sağlam siyasi müxalifətçilik deyil, ucuz populizm və siyasi deqradasiyanın təzahürüdür. Dövlətin rəsmi təmsilçilərinə və dövlət təsisatlarına qarşı bu qədər yüngül və qanunsuz ittihamlar səsləndirmək yolverilməzdir. Cəmiyyətdə intellektual səviyyəsi ilə tanınan bir elm xadiminin və dövlət xadiminin, varlığı ilə milli dəyərləri yaşadan ləyaqətli bir Azərbaycan xanımının və sadəcə, bir ananın bu cür məsuliyyətsiz bəyanatlarla hədəf alınması siyasi mühitimizdəki bəzi fiqurların hələ də sivil siyasi mədəniyyətdən nə dərəcədə uzaq olduğunu bir daha təsdiq edir.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı