Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü və suverenliyini tam miqyasda bərpa etməsinin siyasi və psixoloji nəticələri regional və beynəlxalq müstəvidə dərin izlər buraxdı. Qlobal güclərin maraqlarının kəsişdiyi Cənubi Qafqaz kimi strateji regionda ölkəmizə təslimçiliyi aşlayan oyun qaydalarını pozaraq, güclü kənar təzyiqlərə baxmayaraq, hərbi güclə torpaqların azad edilməsi, bölgənin siyasi, iqtisadi və təhlükəsizlik parametrlərini də dəyişdi. Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququn müddəalarını təmin etərək işğal altındakı torpaqları azad etsə də, ölkəmizə qarşı təzyiqlər hibrid müharibə formasında davam etdirildi. Odur ki, müharibədən sonra ölkəmiz hibrid müharibəyə qarşı mübarizə aparmaq məcburiyyətində qaldı.
Vətən müharibəsindən sonrakı dövrdə hibrid təhdidləri aşağıdakı kimi təsnifləndirmək olar;
İnformasiya və psixoloji müharibə: Azərbaycanın tarixi zəfərinə kölgə salmaq, cəmiyyətdə inamsızlıq yaratmaq və reallıqları təhrif edərək sosial media üzərindən dezinformasiya kampaniyası aparmaq.
Kiberhücumlar: Dövlət qurumlarının saytlarına, kritik infrastruktur sistemlərinə qarşı kiber-təxribatlar.
Diplomatik və iqtisadi təzyiqlər: Azərbaycanı beynəlxalq arenada zəiflətmək, qəbul edilən qərarlara təsir etmək üçün xarici dairələrin və lobbi qruplarının hərəkətə keçməsi.
Dini və etnik təxribatlar: Ölkədə sabitliyi pozmaq üçün sosial-dini zəmində narazılıqlar yaratmağa yönəlmiş cəhdlər. Dini və milli etnik zəmnində süni gərginlik yaratmaq. Həssas qrupları bir-biri və ya da dövlətə qarşı qaldırmaq.
Cəmiyyəti və dövləti daxildən zəiflətmək və idarəolunmaz vəziyyətə salmaq üçün işə salınan rıçaqların heç bir nəticə vermədiyini düşünmək də doğru olmazdı. Nəzərə almaq lazımdır ki, dünya görüşü, savadlılıq dərəcəsi, analitik qabiliyyəti kifayət qədər olmayan qüvvələrin qərəzli informasiya və digər zərərli kampaniyalara inanmaq, ona alət olmaq imkanları yüksəkdir. Nəticə olaraq hibrid təhdidlərdən bütün cəmiyyət, dövlət zərər çəkir.
Təsadüfi deyil ki, Azərbaycan 44 günlük müharibədən sonra həm hərbi potensialını, həm də informasiya təhlükəsizliyini gücləndirərək hibrid təhdidlərə qarşı mübarizə aparmaqdadır. İnsan fəaliyyətinin bütün sahələrinə sirayət etmiş informasiya texnologiyalarının imkanlarından iyrənc məqsədlərlə istifadə hibrid müharibəni və ondan müdafiəni qaçılmaz edir. Hərbi münaqişələr zamanı ictimai rəyə təsir etmək üçün bloggerlərin, sosial şəbəkələrin, digər informasiya resurslarının imkanlarından geniş istifadə edən məkrli qüvvələrin təhlükəli planlarını zərərsizləşdirmək üçün dövlətlər informasiya təhlükəsizliyi sahəsində həm müdafiə sistemini yaradır, həm də əks-hücum əməliyyatları həyata keçirməli olur. Müasir dövrdə informasiya texnologiyalarından istifadə etməklə beynəlxalq aləmdə ictimai rəyi öz xeyrinə dəyişmək istəyən beynəlxalq güclər bu sahədə faəliyyətlərini günü-gündən genişləndirirlər.
Ermənistanın Azərbaycana qarşı hibrid müharibəsi
44 günlük Vətən Müharibəsindən öncə Müharibədən öncə informasiya üstünlüyünə sahib olan ermənilər işğalı həqiqətə uyğun olmayan tarixi, etnik amillərlə əsaslandırmağa çalışırdılar.
2020-ci ildə ağır məğlubiyyətə uğrayan Ermənistanın rəhbərliyi ilk illər - 20 sentyabr 2023-cü ilə qədər Azərbaycana qarşı həm hibrid müharibələrini davam etdirir, həm də Qarabağdakı separatçıları silahlandırmaqda davam edirdilər. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Azərbaycan Ordusu Azərbaycan Respublikasının suverenliyi tam bərpa etdi.
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar. Antiterror əməliyyatından sonra Ermənistanın siyasi rəhbərliyi reallığı qəbul etdi və ərazi iddialarından əl çəkdi.
Ermənistanın Baş naziri Nikol Paşinyan və tərəfdarları Cənubi Qafqazda barış mühitinin yarandığını vurğulayır, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın müsbət tərəflərini sadlayırlar. Müşahidələr göstərir ki, erməni ictimai rəyi yaranış siyasi vəziyyətlə razıdırlar, sülh və əməkdaşlığı dəstəkləyirlər.
Baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu desə də, hələ də Ermənistanın siyasi dairələrində, onların diaspor və lobbi təşkilatlarında ölkəmizə qarşı müyyən iddialar, kampaniyalar davam etdirilməkdədir.
Təəssüf ki, Cənubi Qafqaz regionundan xeyli uzaqda yerləşən bir sıra ölkələr, xüsusilə ABŞ, Fransa və Kanadada olan müəyyən qüvvələr artıq tarixin arxivinə gömülmüş Qarabağ münaqişəsini “diriltmək” üçün zərərli təşəbbüslər irəli sürür, beynəlxalq müstəvidə Azərbaycana qarşı kampaniyalarını davam etdirirlər.
Müşahidələr göstərir ki, bu kimi hibrid müharibələr bir mərkəzdən idarə olunur və sistemli xarakter daşıyır. Azərbaycana qarşı beynəlxalq mediada aparılan anti-təbliğatda Qərbi aparıcı piar şirkətlərinin iştirak etməsi bunun sübutudur. Onların mütəmadi olaraq Qarabağı könüllü tərk etmiş ermənilərin hüquqlarını, azad olunmuş ərazilərdə guya erməni mədəni irsinin (?) məhv edilməsi və “Azərbaycanda saxlanılan hərbi əsirlər” kimi mövzuları gündəmdə saxlamaları beynəlxalq istimai rəyi çaşdırmaqdan başqa bir şey deyil. Təəssüf ki, beynəlxalq təşkilatlar Vaşinqtonda “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanmasını, hər iki ölkə liderlərinin Birgə Bəyannamə imzalamalarını, Azərbaycan-Ermənistan sərhədindəki dincliyi görməzlikdən gəlirlər. (https://mfa.gov.az/files/Birge%20Beyanname-ABS/Peace%20Agreement%20AZ%20translation.pdf)
Qərb dövlətlərinin media müstəvisində Azərbaycanla bağlı saxta xəbərlərinin və manipulyasiyalarının məzmunlarının təhlili göstərir ki, qaldırılan məsələlərin əslində demokratiya və insan haqları ilə yaxından-uzqdan heç bir əlaqəsi yoxdur. Erməni lobbisinin və onların sifarişini yerinə yetirən qüvvələrin ölkəmizə qarşı həyata keçirdikləri anti-təbliğatın hədəflədiyi bir neçə məqsəd var.
- Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti daim gündəmdə saxlamaqla anti-Azərbaycan cəbhəsini ayaqda saxlamaq və onun fəaliyyətini gücləndirçək.
- Beynəlxalq təşkilatlarda psixoloji təzyiqləri gücləndirməklə Azərbaycanı özünütəcrid yolunu tutmasına nail olmaq,
- Azərbaycan dövlətinin, iqtisadiyyatının və cəmiyyətinin hərbyönümlü olduğuna beynəlxalq ictimaiyyəti inandırmaq və bununla da Bakının regional təhlükəsizliyə təhdid kimi təqdim etmək,
Nəhayət Azərbaycanın Ermənistanla danışıqlarda mövqelərini zəiflətmək və İrəvanın maraqlarına cavab verən birtərəfli sülh sazişinin imzalanmasına nail olmaq.
Sonda qeyd etmək istərdik ki, əgər Ermənistanda hakimiyyətdə olan qüvvələr “Qarabağ hərəkatı”na “yox” deyirsə, ərazi iddialarından əl çəkirlərsə, sülh və əməkdaşlığı dəstəkləyirlərsə, Azərbaycana qarşı nədən hibrid müharibə aparılır? Bu təhdidlərin Ermənistana, Cənubi Qafqaza nə kimi faydası var?
Erməni radikallarına meydan vermək, onların istəklərini beynəlxalq tribunalarda səsləndirmək Paşinyan və onun tərəfdarlarının apardıqları sülh təbliğatının səmimiliyini şübhə altına alır.
Həm Avropa kluarlarında, həm Rusiyanın bəzi dairlərində erməni kartından hələ də Azərbaycan və Türkiyəyə qarşı istifadə olunması erməni cəmiyyətininin də səhv yollara düşməsinə, radikalizmə meyl etməsinə səbəb ola bilər. Əgər Ermənistanın hazırkı iqtidarı həqiqətən, sülh tərəfdarıdırsa, ortaya fundamental baxış qoymalı, hibrid təhdidlərə qarşı vahid mövqe nümayiş etdirməlidir.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.