Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə növbəti görüşü rayonun 18 nömrəli tam orta məktəbinin akt zalında keçirildi. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də aidiyyəti dövlət qurumlarının və xidmət sahələrinin təmsilçiləri iştirak ediblər.
Sakinləri salamlayan rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindəndir. O, görüş iştirakçılarını onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət edib.
Qəbul zamanı vətəndaşlar dövlət ehtiyacları üçün torpaq və əmlakın satın alınması, təmir-bərpa işləri, tikinti şirkətləri ilə yaranmış mübahisəli məsələlər, eləcə də sosial və kommunal sahəyə aid müxtəlif problemlərlə bağlı müraciətlərini səsləndiriblər.
Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icraya yönləndirilib. Qaldırılan problemlərin operativ həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Elşad Həsənov vurğulayıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi dövlət qurumlarının fəaliyyətində əsas prioritetlərdən biridir və hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun, obyektiv və şəffaf şəkildə araşdırılır. Bildirilib ki, nəzarətə götürülmüş müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək.