“Rəqəmsal inkişaf cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilib. Məlumdur ki, Prezident İlham Əliyevin praqmatik siyasəti sayəsində ölkəmiz informasiya və rəqəmsal texnologiyalar istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilib. Məhz dövlət başçısının iradəsi və siyasi qətiyyəti nəticəsində son illər rəqəmsal inkişaf istiqamətində mühüm islahatlar həyata keçirilib”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, qlobal çağırışlara cavab olaraq Azərbaycanın informasiya məkanını süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanları ilə təchiz etməsi, bu sahədə strateji baxış ortaya qoyması birbaşa Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir. Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya siyasəti, innovasiyaların təşviqi və insan kapitalının inkişafına yönəlmiş strateji kurs bu istiqamətdə yeni imkanlar açır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda rəqəmsal inkişaf kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini də ciddi zərurətə çevirir. Ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, insan kapitalının formalaşdırılması və beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır. Həyata keçirilən fəaliyyətlər kibertəhlükəsizliyin milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi strateji əhəmiyyətini artırmaqdadır.
Kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə ən başlıca məsələyə çevrilib və mütəşəkkil vahid əlaqələndirilmiş fəaliyyət tələb edir. Kiberdiplomatiya üsulları da məhz bu istiqamətdə müxtəlif ölkələrin xüsusi rabitə və texnologiyalar, təhlükəsizlik orqanları ilə yanaşı, bank, sığorta, e-ticarət, sosial media və digər qurumların daha sıx və fəal işləməsini ehtiva edir. Bu baxımdan Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu kiberdiplomatiya üzrə yeni yol xəritəsinin hazırlanması üçün fürsət hesab edilə bilər. Forumda rəqəmsal transformasiya şəraitində informasiya təhlükəsizliyinin təminolunması, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, elmi tədqiqatların və innovativ həllərin tətbiqinin genişləndirilməsi, eləcə də ölkənin kibermüdafiə potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən geniş bəhs edilib.
Samir Vəliyev qeyd edib ki, bu kontekstdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əsasında “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxsin yaradılması xüsusi əhəmiyyət kəsb edir: “Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkəmizdə kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində mühüm institusional dəyişikliklərə səbəb olacaq, e-təhlükəsizliyin daha da güclənməsinin dayanıqlılığını təmin edəcək. İndiyə qədər kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin səlahiyyətləri, resursları və kadr potensialı kifayət qədər məhdud olduğundan kibertəhlükəsizlik sahəsində müəyyən boşluqlar yaranırdı. Yeni Agentliyin isə statusu yüksəkdir, səlahiyyətləri və idarəetmə modeli kifayət qədər genişdir. İdarəetmə strukturuna əsasən, dövlət sektorunun ən kritik hissəsi əvvəlki kimi müvafiq təhlükəsizlik qurumlarının nəzarətində qalır. Dövlət qurumlarının informasiya sistemləri, kritik informasiya infrastrukturları, strateji sektorların kritik sistemləri, xüsusi mühafizə olunan obyektlər, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin sistemləri, eləcə də dövlət sirri ilə işləyən informasiya sistemləri üzrə səlahiyyətlər əvvəlki qaydada saxlanılır. Belə ki, dövlət kibertəhlükəsizlik idarəçiliyində yeni balans formalaşdırır. Yəni, strateji və milli təhlükəsizlik komponentləri mövcud təhlükəsizlik qurumlarının nəzarətində qalır, mülki sektorun kibertəhlükəsizlik tənzimlənməsi və fərdi məlumatların mühafizəsi isə yeni Agentliyin əsas fəaliyyət istiqamətlərinə çevrilir. Bir sözlə, Agentliyin fəaliyyəti sayəsində Azərbaycanda kibertəhlükəsizlik və məlumatların qorunması sahəsində mühüm institusional arxitektura və fərdi məlumatların mühafizəsi istiqamətində daha dayanıqlı və sistemli mühiti formalaşacaq”.
Deputat vurğulayıb ki, Azərbaycanın rəqəmsal gələcəyinin təmin olunmasında yüksək ixtisaslı mütəxəssislərin hazırlanması da mühüm çağırışdır: “Kibertəhlükəsizlik sahəsində real təcrübə, operativ qərarvermə qabiliyyəti və müasir texnologiyalarla işləmək bacarığı çox önəmlidir. Nəzərə almaq lazımdır ki, kibertəhlükəsizlik sahəsinə qoyulan sərmayə, həm də gələcəyin təhlükəsizliyinə qoyulan sərmayədir. Hər bir peşəkar kadr Azərbaycanın rəqəmsal inkişafının və beynəlxalq rəqabət qabiliyyətinin möhkəmlənməsinə xidmət edəcək. Ona görə də, ali məktəblərimiz bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirməlidir”.