“Ailəmiz – ən güclü dəyərimiz” festivalında sağlam həyat tərzi və qida təhlükəsizliyi təbliğ edildi

Bakının Nərimanov rayonu Antena parkında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəmiz – ən güclü dəyərimiz” şüarı altında keçirilən festival çərçivəsində fəaliyyət göstərən Eko Ailə Çadırında sağlam həyat tərzinin, düzgün qidalanmanın və ekoloji düşüncənin təşviqinə həsr olunmuş geniş maarifləndirici proqram həyata keçirilib.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Azərbaycanda ilk sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın təşkilatçılığı ilə keçirilən master-klasslar, maarifləndirici oyunlar və interaktiv fəaliyyətlər festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Gün ərzində çox sayda uşaq, valideyn və ailə üzvü proqramlarda fəal iştirak edərək sağlam qidalanma, qida təhlükəsizliyi, gigiyena vərdişləri, fiziki aktivlik və ekoloji məsuliyyət mövzularında faydalı məlumatlar əldə edib.

Festival çərçivəsində keçirilən master-klasslarda fəallıq göstərən iştirakçılara Məhsəti Hüseynovanın həmmüəllifi olduğu “İslamda qida mədəniyyəti” və “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitablar hədiyyə olunub. Bununla yanaşı, təbiətə sevginin və yaşıllığın təşviqi məqsədilə iştirakçılara gül fidanları təqdim edilib.

Festival zamanı uşaqlar və valideynlər üçün təşkil olunan maarifləndirici oyunlar sağlam qidalanma vərdişlərinin ailə daxilində formalaşdırılması, qida seçiminin düzgün aparılması və sağlam həyat tərzinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi istiqamətində xüsusi maraq doğurub.

Məhsəti Hüseynova bildirib ki, sağlam cəmiyyətin əsası sağlam ailədən başlayır. Onun sözlərinə görə, ailələrdə düzgün qidalanma mədəniyyətinin formalaşdırılması, uşaqlarda erkən yaşlardan sağlam həyat tərzi vərdişlərinin aşılanması və ekoloji məsuliyyət hissinin inkişaf etdirilməsi gələcək nəsillərin sağlam böyüməsi baxımından mühüm əhəmiyyət daşıyır.

O, həmçinin qeyd edib ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının birgə həyata keçirdiyi belə maarifləndirici layihələr cəmiyyətin sağlamlıq savadlılığının artırılmasına, ailə institutunun möhkəmləndirilməsinə və sağlam həyat tərzinin geniş təbliğinə mühüm töhfə verir.

Məhsəti Hüseynova festivalın yüksək səviyyədə təşkilinə və göstərilən etimada görə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirərək, sağlam ailə dəyərlərinin, qida təhlükəsizliyi mədəniyyətinin və ekoloji düşüncənin təşviqinə yönəlmiş bu kimi layihələrin davamlı keçirilməsinin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.