Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 451-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sabahinfo.Az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 451-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
X X X
Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir".