Toponim yunanca topos-"yer” və onoma-"ad” sözlərindən yaranaraq Azərbaycan dilinə tərcümədə "yer adı” mənasını verir. Toponimlərin yaranmasında antroponim (şəxs adları), patronim (nəsil, tirə adı), zoonim (heyvan adı),fitonim (bitki adı) və etnonimlər (tayfa, xalq adı) böyük rol oynayır. Hər bir ölkənin və ya bölgənin toponimiyasında qeyd etdiyimiz kimi fitonimlər də mühüm yer tutur. Yunan dilində fito-"bitki”, "ağac”,"kol”, nim-"ad” deməkdir. Bitki adları əsasında yaranan yer adları isə fitotoponimlər adlanır. Lənkəran bölgəsinin toponimlərində fitonimlər geniş yayılmışdır. Bu da heç də təsadüfi deyildir. Çünki, respublikamızda mövcud olan 4100 bitki növundən 1900 ali bitki növü Lənkəran bölgəsində bitir. Bölgədə mövcud olan fitotoponimlər talış və türk mənşəlidir, xüsusi ilə talış mənşəli fitotoponimlər çoxluq təşkil edir. Burada oronim (dağ, təpə) və hidronimlərlə (su obyektləri) yanaşı yaşayış məntəqələri olan oykonimlərin adlarında da fitonimlərə daha çox rast gəlinir. Lənkəran bölgəsinin fitooykonimləri aşağıdakılardır: Bala Şahağacı, Vənəşəkeş, Vıləparqo, Vıli, Vəznəş, Qamışovka, Sipiyaəlfətik, Səlivə,Toradi (Astara rayonu), Bəlləbur, Vel, Velədi, Veravul, Vilvan, Viyən, Narbağı, Rəzvan,Pambəhi, Tütəpeştə, Tüədo (Lənkəran rayonu),Ambu, Amburdərə, Bradi,Burkandül, Vənədi, Velaçolə, Vizəzəmin, Vılıq, Molalan, Rəzgöv (Lerik rayonu), Güllütəpə, Mololan, Qızılağac, Yolağac, Kosagül (Masallı rayonu), Vənəpojə, Serəpojə (Yardımlı rayonu). Burada mövcud olan fitooykonimlərdən Bala Şahağacı, Qamışovka,Güllütəpə, Qızılağac, Yolağac və Kosagül türk, digərləri talış mənşəlidir.Narbağı isə kalka, yəni, tərcümə olunmuş fitooykonimdir. Yaşayış məntəqəsi talış dilində Ənoəboğ adlanır. Toponim hər iki dildə eyni mənanı bildirir. Lənkəran bölgəsinin fitooykonimləri əsasən gül və ağac növləri adından yaranmışdır. Məsələn, Vilvan (Güllü, Çiçəkli yer),Vıli (Güllü yer), Vənəşəkeş (Bənövşəli yer), Güllütəpə və digərləri gül;Bəlləbur (Palıdlı tikanlıq), Tüədo (Tut ağacı), Viyən (Söyüdlük), Vıy (Söyüd),Rəzvan (Üzüm tənəklərinin önü), Anburdərə/Amburdərə (Dəmir ağacı bitən dərə), Mololon, Molalan (Su kənarında bitən meyvəsiz ağac),Şahağacı, Qızılağac və digərləri ağac növlərindən adını götürmüşdür.Səlivə, Toradi,Vənəşəkeş, Bəlləbur, Vel,Velədi, Pambəhi, Tüədo,Ambu, Anburdərə/Amburdərə, Bradi,Vizəzəmin, Mololon, Serəpojə və digərləri talış, Bala Şahağacı, Qızılağac, Yolağac, Güllütəpə,Kosagül, Qamışovka isə Azərbaycan dilində şəffaf fitooykonimlərdir.Toponimlərin tərkib hissəsi sayılan fitooykonimlər ünvan bildirməklə yanaşı, eyni zamanda, ölkənin bitki örtüyünü özündə əks etdirir.Lənkəran bölgəsində fitotoponimlərin çoxluq təşkil etməsi bölgəmizin zəngin floraya malik olduğunu sübut edir.
İldırım Şükürzadə,
tədqiqatçı-müəllim