Bakı İnzibati Məhkəməsində hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə Milli Məclisin sabiq deputatı Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadənin iddiaçı olduğu növbəti məhkəmə çəkişməsi davam edir.
Mübahisə Bilgəh qəsəbəsində yerləşən torpaq sahələri ilə bağlıdır. Xatirə Salahzadə qonşusu Seymur Quliyevə 29 il əvvəl yerli qəsəbə nümayəndəsinin sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair sənədlərin qanuniliyini mübahisələndirir.
Cavabdeh Seymur Quliyev isə iddianın hüquqi baxımdan əsassız olduğunu bildirərək qeyd edir ki, eyni məsələ 10 il əvvəl bütün məhkəmə instansiyalarında araşdırılıb və Ali Məhkəmənin yekun qərarları qanuni qüvvəyə minib.
"Bu məsələ illər əvvəl həll olunub"
Seymur Quliyevin sözlərinə görə, Xatirə Salahzadənin iddiasının əsasını ona və Nurid Əliyevə verilmiş torpaqayırma sənədlərinin qanunsuz olması barədə iddialar təşkil edir. Halbuki həmin məsələ elə Xatirə Salahzadənin iddiası əsasında 2012–2015-ci illərdə müxtəlif məhkəmə instansiyalarında araşdırılıb və torpaq ayrılması sənədlərinin qanuni olduğu məhkəmə qərarları ilə təsdiqlənib.
O bildirir ki, sonradan qarşı tərəf eyni mübahisəni "yeni açılmış hallar" adı altında yenidən Ali Məhkəməyə çıxarmağa cəhd göstərsə də, müraciət qəbuledilməz hesab edilərək rədd olunub.
Xatirə Salahzadə bundan sonra iddia predmetinin dəyişdirilməsi yolu ilə eyni mübahisəni yenidən gündəmə gətirməyə cəhd edir.
"Qarşı tərəfin istənilən iddia ilə məhkəməyə müraciət etmək hüququ var. Hətta ölmüş adamı da diriltmək könlündən keçə bilər. Amma məhkəmə hazırlıq iclasında həmin iddianın qəbuledilən olub-olmadığını müəyyən etməlidir. Əgər eyni məzmunlu iddiaya 2015-ci ildə baxılıb, Ali Məhkəmə yekun qərar qəbul edərək iddianı rədd edibsə, Bakı İnzibati Məhkəməsinin hakimi Günel Tanrıverdiyeva indi nəyə baxır? Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim", – deyə Seymur Quliyev bildirib.
"Üst-üstə düşmə aradan qaldırılıb"
Seymur Quliyev qeyd edir ki, 2015-ci il tarixli Ali Məhkəmənin qərarı ilə Xatirə Salahzadəyə məxsus torpaq sahəsinin sərhədləri dəyişdirilib və nəticədə onun torpaq sahəsi ilə Seymur Quliyev və Nurid Əliyevə məxsus torpaq sahələri arasında mövcud olmuş üst-üstə düşmə tam aradan qaldırılıb.
Bu səbəbdən Xatirə Salahzadənin hüquqlarının pozulması barədə iddialarının hüquqi əsası olmadığını deyən Seymur Quliyev hesab edir ki, belə bir vəziyyətdə iddianın yenidən icraata qəbul edilməsi ciddi suallar doğurur və absurddur.
Seymur Quliyev Bakı İnzibati Məhkəməsinin hakimləri Günel Tanrıverdiyeva və Ləman Musayevanın Xatirə Salahzadənin iddialarına yanaşmasının ciddi suallar doğurduğunu bildirir.
Onun sözlərinə görə, hakim Ləman Musayevanın qəbul etdiyi qərardad sonradan Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib.
"Hakim Günel Tanrıverdiyeva qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarlarını nəzərə almaq əvəzinə, artıq həll edilmiş məsələlərin yenidən müzakirəsinə şərait yaradır. Hüquqi sabitlik prinsipinin və məhkəmə qərarlarının dəyişməzliyinin nəzərə alınmaması anlaşılan deyil".
Seymur Quliyevin sözlərinə görə, 2025-ci ilin sonlarından davam edən məhkəmə prosesi 2026-cı ilin iyun ayınadək müxtəlif səbəblərlə uzadılıb.
Seymur Quliyev Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət edərək hakimlərin qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş edib.
"Məhkəmə iclaslarında işin predmeti dəqiq müəyyənləşdirilmir, təqdim olunan əvvəlki məhkəmə qərarlarına isə lazımi hüquqi qiymət verilmir. Hüquqi dövlətin əsas prinsiplərindən biri qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin qorunmasıdır".
Qeyd edək ki, Bilgəhdə yerləşən torpaq sahələri ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi uzun illərdir davam edir. İndiyədək müxtəlif məhkəmə instansiyalarında bu mübahisə üzrə Seymur Quliyevin xeyrinə qərarlar qəbul olunub. Buna baxmayaraq, qarşı tərəfin məhkəməyə müraciət hüququndan sui-istifadə edərək əsassız məhkəmə iddiaları qaldırdığı bildirilir.
Seymur Quliyev İnam Kərimova müraciətində məsələnin nəzarətə götürülməsini və qanunauyğun tədbirlərin görülməsini xahiş edir.musavat.com