Şabranda bələdiyyə islahatlarının gedişi və vətəndaş iştirakçılığı müzakirə olunub

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Bələdiyyə islahatı: ictimai iştirakçılığın təşviqi” adlı regional layihəsini uğurla davam etdirir.

Siyəzəndə start verilən layihənin növbəti geniştərkibli ictimai müzakirəsi Şabran rayonu Heydər Əliyev Mərkəzində baş tutub. Yerli idarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi məqsədilə təşkil olunan toplantıda rayonun aktiv sakinləri, ictimaiyyət nümayəndələri və rayonda fəaliyyət göstərən bələdiyyələrin təmsilçiləri daxil olmaqla ümumilikdə 23 nəfər iştirak edib.

Tədbirin rəsmi açılışını edən layihə rəhbəri Samir Umudov regional görüşlərin mahiyyətindən danışıb. O, bələdiyyələrin birləşdirilməsi prosesinin yerli özünüidarəetmədə yeni bir dövr açdığını və bu dövrdə vətəndaşlarla qurumlar arasında effektiv kommunikasiya körpüsünün qurulmasının vacibliyini önə çıxarıb. Daha sonra çıxış edən layihənin eksperti Şaban Nəsirov yerli bələdiyyələrin gündəlik fəaliyyət prinsipləri, idarəetmədə şəffaflığın qorunması və vətəndaş müraciətləri ilə işin təşkili barədə geniş təqdimatla çıxış edib. Ekspert bələdiyyə-vətəndaş münasibətlərinin inkişaf modelini bu cür xarakterizə edib:

"Müasir bələdiyyəçilik sisteminin təməlində tam aşkarlıq və vətəndaşın qərarvermə mexanizmlərinə birbaşa inteqrasiyası dayanır. İslahatların uğuru həm də bələdiyyələrin öz büdcə və resurslarından səmərəli istifadə etməsindən, yerli əhalinin ehtiyaclarına çevik reaksiya verməsindən asılıdır. Sakinlərlə mütəmadi olaraq açıq qapı günlərinin keçirilməsi, hesabatların rəqəmsal və ictimai formada təqdim edilməsi yerli idarəetməyə olan ictimai etimadı qoruyan ən güclü amildir".

Xatırladaq ki, son struktur islahatlarından sonra Şabran rayonu ərazisində bələdiyyələrin sayı optimallaşdırılaraq 5 böyük mərkəz (Şabran, Ağalıq, Gəndov, Pirəbədil və Rəhimli bələdiyyələri) halına gəlib. Tədbirdə iştirak edən bələdiyyə üzvləri — Şabran bələdiyyəsindən Abdulxalıq Səfərov, Tariyel Əmrullazadə və Bənövşə Orucova, Pirəbədil bələdiyyəsindən Gülnarə Zülfüqarova, həmçinin Gəndov bələdiyyəsindən Füzuli Mustafayev çıxış edərək rəhbərlik etdikləri qurumların mövcud fəaliyyəti, birləşmədən sonra genişlənən xidmət coğrafiyası və əhalinin qeydiyyatı məsələləri barədə dolğun məlumat veriblər.

Görüşdə islahatlar fonunda bələdiyyələri narahat edən sistemli əngəllər, yerli inkişaf proqramlarının icrasını çətinləşdirən və bələdiyyə gəlirlərinin artırılmasına mane olan oxşar sistemli problemlər yenidən gündəmə gətirilib. Maliyyə qaynaqlarının məhdudluğu, icma daxili sosial layihələrin maliyyələşdirilməsi üçün əmlak və torpaq vergisindən daxilolmaların yetərsiz olması, bununla yanaşı mərkəzi büdcədən ayrılan dövlət dotasiyalarının aşağı həddi bələdiyyələrin maliyyə müstəqilliyini zəiflədir.

Eyni zamanda, qiymətləndirmədə real bazar dəyərinin nəzərə alınmaması Şabran bələdiyyələrinin də əsas problemlərindən biri olaraq qalır. Yerli torpaq və mülkiyyət dövriyyəsində ciddi əngələ çevrilən problem Əmlak Məsələləri Dövlət Xidmətinin (İqtisadiyyat Nazirliyi tabeliyində) təyin etdiyi rəsmi qiymətlərin real bazar şərtləri ilə ziddiyyət təşkil etməsidir. Bələdiyyələrin və müstəqil özəl qiymətləndirmə qurumlarının rəylərinin prosesdə hüquqi çəkisinin olmaması daşınmaz əmlak alqı-satqısını çətinləşdirir. Həmçinin elektron kadastr sisteminə rəqəmsal inteqrasiya gecikmələri, Şabran bələdiyyələrinin vahid rəqəmsal kadastr məlumatlarına sürətli və maneəsiz çıxış əldə edə bilməməsi mülkiyyət üzərində effektiv idarəetmə və vergitutma proseslərini ləngidir.

İki saatdan çox çəkən müzakirələr çərçivəsində sakinlərin torpaq islahatları, yerli vergi dərəcələri və bələdiyyə mülkiyyətindən istifadə hüquqları ilə bağlı çoxsaylı sualları ekspert Şaban Nəsirov tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada ətraflı şəkildə cavablandırılıb. Tədbir rəsmi hissənin ardından iştirakçıların səmimi mühitdə fikir mübadiləsini davam etdirdiyi çay-kofe süfrəsi arxasında tamamlanıb.

“Bələdiyyə islahatı: ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində regional müzakirələrin növbəti mərhələdə Xaçmaz, Quba və Qusar rayonlarında keçirilməsi planlaşdırılır.

Medial
Medial
Medial
Medial
Medial
Medial