Siyəzəndə bələdiyyə islahatları və ictimai iştirakçılıq mövzusunda müzakirələrə start verilib

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Bələdiyyə islahatı: ictimai iştirakçılığın təşviqi” adlı layihəsinin icrasına başlayıb.

Ölkədə yerli özünüidarəetmə institutlarının gücləndirilməsini hədəfləyən layihənin ilk geniştərkibli regional tədbiri Siyəzən rayonunun Gənclər Evində baş tutub.

Görüşdə Siyəzən Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, Siyəzən şəhər bələdiyyəsinin, həmçinin Həmyə bələdiyyəsinin sədri Eyyam Əsgərov və Yenikənd bələdiyyəsinin sədri Yadulla Ələkbərov, bələdiyyə üzvləri, eləcə da regionun fəal sakinləri və gəncləri iştirak ediblər. Ümumilikdə 25 nəfərin qatıldığı tədbirdə bələdiyyələrin son birləşmə prosesindən sonra yaranan yeni idarəetmə mühiti və regional çağırışlar ətrafında açıq diskussiya aparılıb.

Tədbirin əsas məruzəçisi, layihənin eksperti Şaban Nəsirov bələdiyyələrin müasir cəmiyyətdəki strateji rolundan danışaraq, yerli özünüidarəetmə orqanlarının icra etməli olduğu hüquqi və sosial öhdəlikləri diqqətə çatdırıb. Ekspert vurğulayıb ki, bələdiyyələrin uğuru onların vətəndaşlarla qurduğu birbaşa və dialoqa əsaslanan iş mexanizmindən asılıdır. Bələdiyyə sadəcə inzibati bir qurum deyil, yerli vətəndaşların səsidir. İslahatların real səmərə verməsi üçün hesabatlılıq və şəffaflıq ali prinsipə çevrilməlidir. Sakinlər bələdiyyə büdcəsinin hara xərcləndiyini, qərarların necə qəbul edildiyini aydın görməli və bu prosesdə fəal iştirak etməlidirlər. Yalnız güclü ictimai iştirakçılıq vasitəsilə bələdiyyələrə olan inamı ən yüksək səviyyəyə qaldırmaq mümkündür.

Bələdiyyə sədrləri mövcud problemləri dilə gətirdilər. Görüşdə çıxış edən Həmyə bələdiyyəsinin sədri Eyyam Əsgərov və Yenikənd bələdiyyəsinin sədri Yadulla Ələkbərov rəhbərlik etdikləri qurumların mövcud fəaliyyəti və birləşmədən sonrakı idarəetmə strukturu barədə ətraflı məlumat veriblər. Bələdiyyə sahəsindəki çətinliklərə toxunan bələdiyyə sədrləri yerli inkişafı ləngidən bir sıra sistemli problemləri mətbuatın və ictimaiyyətin diqqətinə çatdırıblar. Bunlar aşağdakı kimi sıralamaq olar : Maliyyə qıtlığı və subsidiyalar: Yerli büdcənin əsasını təşkil edən əmlak və torpaq vergilərinin yığılma səviyyəsinin aşağı olması, həmçinin dövlət tərəfindən ayrılan subsidiyaların azlığı bələdiyyələrin genişmiqyaslı sosial-iqtisadi layihələr icra etməsinə məhdudiyyətlər yaradır.

Torpaq bazarındakı qiymət disbalansı: Ən ciddi çətinliklərdən biri torpaqların qiymətləndirilməsi zamanı bələdiyyələrin və rəsmi lisenziyalı özəl qiymətləndirmə MMC-lərinin rəylərinin nəzərə alınmamasıdır. İqtisadiyyat Nazirliyi tabeliyindəki Əmlak Məsələləri Dövlət Xidmətinin torpağın real bazar dəyərindən daha yüksək qiymət müəyyən etməsi alqı-satqı proseslərinə mənfi təsir göstərir və bazarda durğunluq yaradır.

Rəqəmsallaşma və kadastr ləngimələri: Bələdiyyələrə elektron kadastr məlumatlarının verilməməsi və onların vahid rəqəmsal sistemə inteqrasiya prosesinin ləngiməsi mülkiyyət idarəçiliyində əlavə inzibati əngəllərə yol açır.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri də çıxış edərək rayonda yerli özünüidarəetmə orqanları ilə icra strukturlarının birgə fəaliyyəti, həyata keçirilən abadlıq və quruculuq işləri barədə məlumat veriblər, bələdiyyələrin gücləndirilməsi istiqamətində dövlətin apardığı islahatların əhəmiyyətini vurğulayıblar.

İki saatdan çox davam edən regional görüşün yekun hissəsində sakinlərin və bələdiyyə üzvlərinin qanunvericilik, vergi yığımı prinsipləri və vətəndaş hüquqları ilə bağlı sualları ekspert Şaban Nəsirov tərəfindən hüquqi müstəvidə ətraflı şəkildə cavablandırılıb. Tədbir iştirakçıların qeyri-rəsmi mühitdə müzakirələri davam etdirdiyi çay-kofe süfrəsi ilə başa çatıb.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi bu regional layihə növbəti mərhələlərdə Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında təşkil olunacaq analoji tədbirlərlə davam etdiriləcək.

Medial
Medial
Medial