Milli Məclisin bitərəf deputatı Razi Nurullayev SABAHİNFO.AZ saytına müsahibə verib. Müsahibəsində bir sıra maraqlı məqamlara toxunan deputat gələcək planlarından da danışıb.
-Razi bəy müsahibəyə gündəmi zəbt etmiş koronavirus və bu pandemiya ilə bağlı görülən işlərdən başlamaq istərdim. Bir deputat kimi siz koronavirusdan necə qorunursunuz?
-Vurisdan qorunmaq üçün maska və spirtdən istifadə
edirəm. Gündəlik iş qrafikimi elə qurmuşam ki, ancaq evdən Milli Məclisə, Məclisdən
də evə gedirəm.
-Azərbaycanda
koronavirusla mübarizə ilə bağlı bir sıra mühüm addımlar atılır. Ölkədə atılan
addımları necə dəyərləndirirsiniz?
-Bu pandemiya səbəbindən bütün dünya dövlətləri çətin
vəziyyətə düşüb. Azərbaycan da çətin günlərini yaşayır. Təbii ki, işsiz, köməyə
ehtiyacı olan insanlar var. Onları başa düşmək lazımdır. Ancaq bununla yanaşı
hökuməti də başa düşmək lazımdır. Çünki bütün dövlətlər kimi Azərbaycanda bu
virusa hazırlıqsız yaxalandı. Hər kəsi razı salmaq üçün addımlar atılır, ancaq
bu mümkün olmur. İlk öncə 200 min insan üçün 190 manat yardım nəzərdə
tutulmuşdu. Sonra cənab prezidentin təşəbbüsü ilə bu rəqəm 600 min nəfərə
çatdırıldı. Eyni zamanda, Heydər Əliyev Fondu və digər müəssisə və təşkilatlar ərzağa
ehtiyacı olan insanlara yardımlar edir. Burada bir həmrəylik olmalıdır. Biz
bütün yükü hökumətin üstünə ata bilmərik. İnsanlar da hökumətə kömək etməlidir
ki, biz bu karantin və ondan sonrakı çətin dövrü sağ-salamat başa vura bilək. Ümumilikdə
götürəndə Azərbaycan hökumətinin koronavirusla mübarizədə atdığı addımları
düzgün qiymətləndirirəm. Əgər vaxtında bu qətiyyətli addımlar atılmasaydı bunun
ciddi fəsadları olardı. Hökumətin sosial sahədə həyata keçirdiyi proqramlar hələ
də davam edir. Ümid edirəm ki, bugün adında pay torpağı olan insanlar eləcə də
digər aspektlərdən 190 manatı ala bilməyən vətəndaşlar üçün də müəyyən addım
atılacaq. Artıq bu istiqamətdə müəyyən işlər gedir. Mən də bir deputat kimi bu
sahədə öz öhdəmə düşən işi görməyə hazıram.
-Deputat
seçildiyiniz İmişlidə vurisla bağlı vəziyyət necədir?
-Şükürlər olsun ki, İmişlidə koronavirusla bağlı
ciddi fəsadlar yoxdur. Bir nəfər də olsun koronoviruslu xəstə yoxdur. Rayon rəhbərliyi
zamanında qətiyyətli addımlar atdı. İmişli sakinləri prezidentin tövsiyyəsinə
qulaq asıb evdə otururlar. Bu da virusun yayılmasının qarşısını əhəmiyyətli dərəcədə
alır. Bununla bərabər mənə çoxlu suallar da gəlir ki, biz hökumətin sözünə
qulaq asıb evdə otururuq, ancaq çətinliyimiz var, dolana bilmirik. Tənha, ailəsindən
ayrılmış qadınlar var ki, onların adında pay torpağı olduğu üçün yardım ala
bilmir. Ağrılı tərəf budur ki, onlar bu torpaqlardan istifadə də etmirlər. Heç
bəziləri bilməyib ki, adlarında torpaq var. O torpaqları adlarından çıxarmaq üçün
tələb olunan dövlət rüsumunu belə ödəməyə bu insanların gücü çatmır. Yerlərdə
icra hakimiyyətlərinin nümayəndələri var, bələdiyyələr var və onların əllərində
bu kimi ailələrin siyahısı var. Bunlar həmin ailələrin sosial durumunu hamıdan
yaxşı bilirlər. Məhz, onların tövsiyyəsi və zəmanəti ilə bu tip ailələrə yardım
ayırmaq olar. İnzibati tələblərə söykənərək, vətəndaşı yardımsız qoymaq düzgün
deyil.
-Siz bununla bağlı
hər hansı aidiyyatı qurumlar qarşısında məsələ qaldırmısınızmı?
-Bu məsələni parlamentin pleniar iclasında səsləndirmişəm.
Parlamentdə qaldırılan məsələlər ictimailəşir, müzakirə edilir. Bir çox
insanlar var ki, onlar sahibkarların kölgə iqtisadiyyatının qurbanı olub.
Müqaviləsiz çalışıblar. Bugün bu insanlar da yardımdan kənarda qalıblar. Bu
adamlara həmin o iş adamları yardım etməlidirlər. İnsanlar bu məsələlərdə
ayıq-sayıq olmalıdırlar. Əgər kimsə onlara əmək müqaviləsiz işləməyi tələb
edirsə o zaman həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
qaynar xəttlərinə, öz dairəsindən deputatına zəng etsinlər. Biz bu məsələlərlə
bağlı lazımı tədbirləri görə bilərik.
-Yeri gəlmişkən
karantin rejiminin uzadılması məsələsinə sizin münasibətiniz necədir?
-Azərbaycanda Nazirlər Kabinetinin yanında Operativ
Qərargah yaradılıb. Bu qərargah normal işləyir. Biz həmişə hökuməti təndiq
etmişik ki, onların işi görülmür, səsləri çıxmır, amorf bir quruma çevrilib.
Ancaq bu gün Baş nazir Əli Əsədov bütün bu fikirləri alt-üst edir. O bu mifi
dağıtdı. Artıq bu gün ən çox görünən hökumətdir, prezidentin tapşırıqlarını
operativ yerinə yetirən bir quruma çevrilib. Buna görə hörmətli Əli Əsədova təşəkkür
etmək lazımdır. Ümid edirəm ki, hökumət bundan sonra da daha uğurla və effektiv
şəkildə işləyə biləcək.
-Bu pandemiya
dünya dövlətlərinin münasibətlərinə nə kimi təsir göstərəcək?
-Hazırda yeni dünya düzəninin yaradılması ilə bağlı
fikirlər var. ABŞ-la Çin arasında söz müharibəsi başlayıb. Münasibətlər sistemi
dəyişir. Belə görünür ki, dünya əvvəlki kimi olmayacaq. Bir sıra beynəlxalq təşkilatlar
yaranacaq. Yeni birliklər formalaşa bilər. Bundan sonra dünya dövlətlərinin
fiziki silahların yaradılması ilə bağlı planlarının dəyişəcəyi də gözlənilir. Mənə
belə gəlir ki, yeni tank, qırıcı təyyarə, nüvə silahına ehtiyac yoxdur. Yeni
virusların yaradılması təhlükəsi var. Bundan sonra bioloji silahlar öz sözünü
deyə bilər.
-Razi Nurullayev
üçün Milli Məclis çöldən və içəridən necə görünür?
-Milli Məclis çöldən
də hər zaman mənim üçün möhtəşəm görünüb. Ancaq bir çox insanlar üçün Milli Məclis
xalqın səsini deyən bir qurum kimi formalaşmayıb. Həmişə Milli Məclisin üzvləri
tənqid olunub ki, onlar xalqın sözünü demir, xalq üçün çalışmırlar, Milli Məclisin
üzvlərini xalq seçməyib kimi miflər var. Mən belə düşünmürəm, Milli Məclisi
çöldən möhtəşəm gördüyüm kimi içərisinə daxil olanda da möhtəşəm görürəm. Bütün
deputatların seçiciləri üçün çalışdığının şahidi oldum. Əgər hər hansı bir
deputat danışmırsa, susursa bu o demək deyil ki, o xalq üçün işləmir. Elə susan
deputatlar var ki, onlar daha çox insana yardım edir, daha çox insanın
yanındadır, bir zəng ilə 10 çıxışın işini görür. Düşünürəm ki, deputatları
danışan və ya danışmayan, işləyən və işləməyən deputatlara bölmək düzgün deyil.
Mən bütün deputatların gərgin işlədiyinin, hamısının seçiciləri ilə
maraqlandığının şahidi oluram. Bütün bunların hamısı həm də görünmür. Çünki, TV-lər
bir-iki nəfərin simasını göstərir, jurnalistlər bəzən subyektiv səbəblərdən
deputatların birinin fikrini işıqlandırır, digərini yazmır. Onun üçün də qoy öz
deputatlarının fəaliyyətini sosial şəbəkələr üzərindən izləsinlər.
-Pleniar
iclaslarda aktivsiniz...
-Bilirsiniz ki, hər zaman danışan olmuşam. Məzmunlu
danışmaqdan zövq alıram, boş-boş danışmağı isə sevmirəm. Hədəfli, ünvanlı, məzmumlu
danışmağın tərəfdarıyam. Onun üçün də çıxışlarımın üzərində bir neçə saat
çalışıram. Bəzən bu çıxışları tribunadan səsləndirməyə zaman da çatmır. Narazı
deyiləm. Heç kim sözümüzü kəsmir, göstəriş vermir. Özümü sərbəst hiss edirəm.
Belə bir şərait yaratdığına görə də sədrimiz Sahibə xanıma təşəkkürümü bildirirəm.
-Çıxışlarınız
radikal olur...
-Çıxışlarımı radikal hesab etmirəm. Doğrunu, xalqın
məndən gözlədiyi çıxışı edirəm. Bir çox insanlar üçün bu radikal ola bilər. Nə
etmək olar. Həqiqətlərin acı tərəfi də olur. Ancaq düşünürəm ki, doğruları demək
lazımdır. Onları gizlətmək olmaz. Gizlətsən, daha böyük fəsadlarla qarşına
çıxacaq.
-Sizin arxa sırada
əyləşməyiniz sizi istəməyən qüvvələr tərəfindən şişirdildi, müzakirəyə səbəb
oldu. Bununla bağlı nə deyə bilərsiniz?
-Düşünmürəm ki, Milli Məclisdə kimin harada əyləşməsi
prestij məsələsidir. Kimin harda əyləşməsindən asılı olmayaraq hər kəsin
hüquqları eynidir. Hər kəs çıxışa yazıla, fikirlərini deyə bilir. Ona görə də, bu
məsələyə önəm vermirəm. İlk iclasda arxa sırada əyləşdiyimə görə
üzülmüşdüm. Bu da mənim təcrübəsizliyimdən
irəli gəlmişdi. Sonra baxdım ki, çox hörmətli millət vəkilləri də arxada əyləşiblər
və arxada əyləşmələrindən də şaddırlar. Arxada əyləşməyimdən narazı deyiləm.
-YAP-çı
deputatlarla münasibətləriniz hansı səviyyədədir?
-Doğrusu, münasibətlərdə
partiyalılığı yox, insanlığı, hümanizmi əsas götürürəm. Onların hər birisi
deputat həmkarımdır. Hər birinin hörmətini saxlayıram, hörmətlə davranıram və
qarşılığını da görürəm.
-Təmsil
olunduğunuz komitə ilə bağlı nə deyə bilərsiniz?
-Milli Məclisin İnsan Haqqları Komitəsində təmsil
olunuram. Komitə sədrimiz Zahid Orucdur. Çox mehriban və gözəl insandır. Mənə
belə gəlir ki, bu da bir şansdır. Biz Zahid müəllimlə bir çox debatlarda
olmuşduq, bir-birimizi siyasi cəhətdən tanıyırdıq. İndi isə Zahid müəllimin digər
insani keyfiyyətlərini görürəm və şad oluram.
- Ötən günlərdə Azərbaycanda
daha 2 siyasi partiya qeydiyyata alındı. Belə qərardan sonra sizin rəhbərlik
etdiyiniz partiyanın qeydiyyatı ilə bağlı hər hansı addım atılacağına ümid
edirsiniz?
-2 siyasi təşkilatın qeydiyyata alınmasını müsbət
addım kimi dəyərləndirirəm. Belə görünür ki, hörmətli Ədalət Vəliyevin partiya
sədrləri ilə görüşləri boş olmayıb. Cənab prezidentin də siyasi islahatlarla
bağlı verdiyi anonslar yersiz deyilmiş. Nəticələr ortadadır. Düşünürəm ki, bizim də partiyanın taleyi ilə
bağlı qərarlar, məsləhətləşmələr olacaq və bunu gözləməkdəyəm.
Ədil Ədilzadə