Ulu Öndər Heydər Əliyev: YAP
dünənin, bu günün və gələcəyin partiyasıdır”
Azərbaycanın müasir siyasi tarixində elə hadisələr
var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı
onilliklərin inkişaf istiqamətini də müəyyən edir. 1992-ci il noyabrın
21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi məhz belə
tarixi hadisələrdən biridir. Bu tarix Azərbaycanın dövlətçilik salnaməsinə
siyasi zərurətin, xalq iradəsinin və müdrik liderliyə olan inamın təcəssümü
kimi daxil olmuşdur.
XX
əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan mürəkkəb ictimai-siyasi proseslərin,
ciddi iqtisadi çətinliklərin və ağır təhlükəsizlik problemlərinin məngənəsində
idi. Dövlət müstəqilliyinin qorunması, ölkədə siyasi sabitliyin təmin edilməsi
və milli maraqların müdafiəsi taleyüklü məsələlərə çevrilmişdi. Belə bir şəraitdə
cəmiyyətin müxtəlif təbəqələrini birləşdirə biləcək, milli dövlətçilik
ideyalarına söykənən və ölkəni böhrandan çıxarmağa qadir siyasi qüvvəyə ehtiyac
yaranmışdı.
Yeni
Azərbaycan Partiyasının yaradılması məhz bu ehtiyacdan doğan məsuliyyətli addım
və tarixi qərar idi. Azərbaycanın tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri,
nüfuzlu ictimaiyyət nümayəndələri ölkənin gələcəyini düşünərək yeni siyasi təşkilatın
yaradılması təşəbbüsü ilə çıxış etdilər. Onların birləşdiyi əsas ünvan isə zəngin
dövlətçilik təcrübəsinə, siyasi müdrikliyə və xalqın böyük etimadına malik Ulu
Öndər Heydər Əliyev idi.
1992-ci
il oktyabrın 16-da Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Heydər Əliyevə
müraciət edərək onu yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməyə dəvət
etdi. Sonralar tarixə “91-lər”in müraciəti kimi düşən bu sənəd əslində, ölkənin
gələcəyi ilə bağlı cəmiyyətin geniş təbəqələrində formalaşmış gözləntilərin və
siyasi iradənin ifadəsi idi. Heydər Əliyev müraciətə cavabında Yeni Azərbaycan Partiyasının
yaradılmasını obyektiv zərurət kimi qiymətləndirərək bildirmişdi ki, belə bir
partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak etməklə müstəqil
dövlətin möhkəmləndirilməsi və inkişafında tarixi rol oynaya bilər. Bu cavab
Ulu Öndərin siyasi proseslərə yanaşmasının mühüm xüsusiyyətini – dövlətçilik
maraqlarını, demokratik prinsipləri və siyasi plüralizmi əsas götürən düşüncə tərzini
nümayiş etdirirdi.
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın bütün bölgələrini təmsil
edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə baş tutan konfransda
partiyanın yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi.
Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Azərbaycanın siyasi həyatında
yeni mərhələnin əsası qoyuldu. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən
etibarən yalnız siyasi təşkilat kimi deyil, milli dövlətçilik ideyalarını, müstəqilliyin
qorunmasını, siyasi sabitliyi və cəmiyyətin birliyini özündə birləşdirən
ümummilli siyasi platforma kimi çıxış etdi. Partiyanın müxalifət mövqeyində
olduğu dövrdə belə konstruktiv siyasi fəaliyyətə üstünlük verməsi onun siyasi mədəniyyətinin
mühüm göstəricisi idi. YAP qarşıdurmanı deyil, əməkdaşlığı,
dağıdıcılığı deyil, quruculuğu, şəxsi və qrup maraqlarını deyil, ümummilli mənafeləri
əsas götürürdü.
Ulu
Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə
ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Onun siyasi nüfuzu, zəngin idarəçilik
təcrübəsi və xalqla qurduğu möhkəm mənəvi bağ partiyanın cəmiyyətdə mövqelərinin
güclənməsində həlledici rol oynadı. Heydər Əliyev partiyanın fəaliyyətində dövlətçilik düşüncəsini,
siyasi məsuliyyəti, milli həmrəyliyi və Azərbaycanın müstəqil inkişafını
başlıca istiqamətlər kimi müəyyənləşdirdi. Məhz bu ideoloji və siyasi əsaslar
YAP-ın zamanın sınaqlarından uğurla çıxmasına imkan verdi. Ulu Öndərin müəyyən
etdiyi siyasi xətt sonrakı dövrdə də davam etdirildi. 2005-ci il
martın 26-da keçirilən III qurultayda İlham Əliyevin partiyanın sədri seçilməsi
YAP-ın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu, həm də Heydər Əliyev
siyasi kursunun yeni dövrün çağırışlarına uyğun davam etdirilməsinin mühüm
siyasi ifadəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası
təşkilati baxımdan gücləndi, siyasi fəaliyyətinin miqyasını genişləndirdi və
ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyini daha da möhkəmləndirdi. Ulu
Öndərin siyasi irsinin qorunması və inkişaf etdirilməsi partiyanın ideoloji fəaliyyətinin
əsas istiqamətlərindən biri olaraq qaldı.
Yeni
Azərbaycan Partiyasının keçdiyi yol həm də müstəqil Azərbaycanın inkişaf
tarixinin mühüm bir hissəsidir. Partiya yarandığı gündən etibarən dövlət müstəqilliyinin
möhkəmləndirilməsi, siyasi sabitliyin qorunması, iqtisadi inkişafın təmin edilməsi
və milli maraqların müdafiəsi istiqamətində fəaliyyət göstərmişdir. Bu gün YAP üzvlərinin sayı 769 811 nəfərə
çatır. Bu göstərici partiyanın geniş ictimai dayaqlarını və təşkilati
potensialını əks etdirir. Partiya sıralarında müxtəlif peşə və yaş qruplarından
olan insanların birləşməsi onun cəmiyyət həyatında geniş təmsilçiliyinin göstəricisidir. YAP-ın əsas gücü yalnız
üzvlərinin sayında deyil, onun ideoloji əsaslarında, dövlətçilik prinsiplərinə
sədaqətində və milli maraqları üstün tutan siyasi mövqeyindədir. Vətənə
bağlılıq, ümummilli maraqlara sədaqət, peşəkarlıq, məsuliyyət və konstruktiv əməkdaşlıq
partiya üzvlərini səciyyələndirən başlıca xüsusiyyətlərdir. Bu gün, noyabrın
21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsindən 34 il ötür. Arxada
qalan illər göstərir ki, 1992-ci ildə atılan addım Azərbaycanın siyasi tarixində
mühüm dönüş nöqtəsi olmuşdur. Zaman dəyişib, siyasi və ictimai reallıqlar yenilənib,
lakin partiyanın təməlində dayanan dövlətçilik ideyaları öz aktuallığını
qoruyub saxlayıb. Ulu
Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri
bu baxımdan sadəcə tarixi bir ifadə deyil, partiyanın keçdiyi yolun və gələcək
missiyasının mahiyyətini müəyyənləşdirən siyasi fəlsəfədir. Bununla belə,
siyasi nüfuzun qorunması yalnız əldə olunan nəticələrlə deyil, cəmiyyətin dəyişən
ehtiyaclarına uyğun fəaliyyət göstərmək, gənc nəslin potensialından
yararlanmaq, yeni ideyaları təşviq etmək və ictimai məsuliyyəti daim diqqətdə
saxlamaqla mümkündür. 34 illik tarixi yolunu başa vuran Yeni Azərbaycan
Partiyası bu gün yeni hədəflər, yeni reallıqlar və yeni məsuliyyətlər
qarşısındadır. Partiyanın gələcək uğurları onun tarixi irsinə sadiqliyi ilə
müasir dünyanın tələblərini uzlaşdırmaq bacarığından asılı olacaq. 21 noyabr –
yalnız bir siyasi təşkilatın yaranma günü deyil, həm də Azərbaycanın müasir dövlətçilik
tarixində xalqın siyasi iradəsinin, milli həmrəyliyinin və güclü liderlik ətrafında
birləşmək əzminin təcəssümüdür.
Nurullayeva
Zenfira İslam qızı
Qara Qarayev
adına Mərkəzi İncəsənət Məktəbinin xor
ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi